Şriftin ölçüsü :

Saytın rəngi :

“Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində yaradılmış şəbəkə üzvləri və məcburi köçkünlərin iştirakı ilə görüşlər keçirildi

22 sentyabr 2019 | 20:00
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində Sabunçu rayonunda zorakılıq qurbanları olan məcburi köçkünlərə lazımi hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsi üzrə yerli qurumlararası əlaqələndirmənin təşkili məqsədilə aidiyyəti dövlət orqanları və təşkilatların nümayəndələrindən ibarət yaradılmış şəbəkə üzvləri və məcburi köçkünlərin iştirakı ilə görüşlər keçirildi.
   23.09.2019-cu il tarixdə ilk olaraq Bakı Gənclər Mərkəzində aidiyyəti dövlət orqanları və təşkilatları təmsil edən nümayəndələrdən ibarət yaradılmış şəbəkə üzvləri ilə dəyirmi masa keçirildi.
   Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini, Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova layihənin məqsədi və əhəmiyyəti barədə söz açaraq yaradılmış şəbəkəyə daxil olan yeni üzvlər, onların fəaliyyət istiqaməti və iş prinsipləri barədə məlumat verdi.
   Çıxış edən layihənin koordinatoru və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının   Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı və faydalı əməkdaşlığını qeyd etmiş və məcburi köçkünlərin hüquqlarının milli qanunvericiliklə və beynəlxalq himayə standartlarına uyğun surətdə qorunmasını təmin etmək məqsədilə görülən işlərdən söhbət açmışdır.
   Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyində hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva bildirmişdir ki, qadınların cəmiyyətdə rastlaşdığı zorakılıqların qarşısının alınmasında bu kimi maarifləndirici tədbirlər mühüm rol oynayır.
   Daha sonra şəbəkə üzvləri Kürdəxanı qəsəbəsində yaradılmış yeni yaşayış kompleksində məcburi köçkünlərlə görüşərək onları maraqlandıran sualları cavablandırdılar. Tədbirdə gender əsaslı zorakılığın növləri və fəsadları haqqında ətraflı məlumat verilərək qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində yaradılmış şəbəkənin mahiyyəti izah olundu.
 
Keçidlər