Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən Könüllü”lər Milli Məclisdə

13 oktyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə 14.10.2019-cu il tarixdə “Ən Könüllü” layihəsi çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərən gənclərin iştirakı ilə Milli Məclisdə dəyirmi masa təşkil olundu.
   Dəyirmi masada millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, millət vəkili, Regional məsələlər  komitəsinin üzvü Cavid Osmanov, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu Rayon İcra Hakimiyyətinin “Ən Könüllü” layihəsinin iştirakçıları olan gənclər iştirak edirdilər.
    İlk olaraq Milli Məclisin inzibati binasında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyuldu. 
   Daha sonra təşkil olunan dəyirmi masada millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova iclas iştirakçılarını salamlayaraq “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə təbrik etdi.
   Milli Məclisin tarixi və strukturu barədə geniş məlumat verən D. Cəbrayılova burada 2 Komissiya və 15 Komitənin fəaliyyət göstərdiyini bildirdi.
   Millət vəkili, Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov çıxışında dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq bu istiqamətdə bir sıra işlərin aparıldığını və bu kimi tədbirlərin gənclərin bir fərd kimi yetişməsində mühüm rol oynadığını qeyd etdi.
   Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. R.Fərəcova Azərbaycanda gənclər siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğunu və gənclərin də bu imkanlardan yararlandığını vurğuladı.
   Sonda millət vəkilləri qeyd olunan mövzular ətrafında gəncləri maraqlandıran sualları cavablandırdılar.
   Daha sonra Ulu öndərin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı eksponatların toplandığı Xatirə zalına, plenar iclasların keçirildiyi zala, ölkəmizə səfər edən xarici qonaqların xatirə hədiyyələrinin nümayiş olunduğu muzey və konfrans otaqlarına baxış keçirildi.
 
Keçidlər