Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılmasına dair işgüzar forum keçirilib

10 oktyabr 2019 | 20:00
   11 oktyabr  2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun birgə təşkilatçılığı ilə Sabunçu Rayon Gənclər Evində  sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılmasına dair işgüzar forum keçirilib.
    Forumda İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov  və  rayon ərazisində fəaliyyət göstərən sahibkarlar iştirak etdilər.
   Forum iştirakçıları ilk olaraq Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, badam bağının, istixana və zeytunçuluq təsərrüfatlarının, ixtisaslaşdırılımış “yaşıl market”in, dekorativ daş və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı ilə bağlı filmə baxdılar.
   Tədbiri açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərdən, ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. G.Məmmədov ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlara və torpaq mülkiyyətçilərinə  hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda da  sahibkarlar və mülkiyyətçilərlə mütəmadi olaraq müvafiq görüşlər keçirilir, bu sahədə olan  problemləri dinlənilir. Görülən bu işlər  məqsədli şəkildə  rayonda sahibkarlığın daha da  inkişaf etdirilməsi və nəticədə əhalimizin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığa dövlət dəstəyinin  sistemli  formada  həyata keçirilməsi  tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir.
   Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının ölkəmizin sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafına dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
   Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə Sabunçu rayonunda indiyədək 376 investisiya layihəsinin maliyyələşməsinə 37,7 milyon manat güzəştli kredit verilib. Nazir müavini maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək Bakı şəhəri və qəsəbələrində 8000-dək sahibkarın iştirakı ilə 70-ə yaxın işgüzar forum və maarifləndirmə tədbirləri keçirilib və bu gün təşkil edilən işgüzar forum da sahibkarların maarifləndirilməsi məqsədini daşıyır.
   Sonda  sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılması, startapların dəstəklənməsi üçün Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyi  qeyd edilmiş, sahibkarlar  çıxış edərək fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışdılar.
 
Keçidlər