Antiterror əməliyyatı şəhidləri Qeybəliyev Elvin Ağalar oğlu və Sadıqov Ceyhun Niyaməddin oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi
20 sentyabr 2025 | 10:15
20 Sentyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Antiterror əməliyyatı şəhidləri Qeybəliyev Elvin Ağalar oğlu və Sadıqov Ceyhun Niyaməddin oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər iştirak etmişdir.
Qeybəliyev Elvin Ağalar oğlu 22 iyun 1986-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı məktəbdə oxumuş, daha sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, kapitan hərbi rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatları zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Ailəli idi, Vətənə yadigar 5 övladı qalmışdır.
Sadıqov Ceyhun Niyaməddin oğlu 2002-ci il avqust ayının 26-da İmişli rayonu Şahverdilər kəndində anadan olmuşdur. Ceyhun Sadıqov orta təhsilini 4 saylı Yeni Balaxanı tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal xarakterli antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Sadıqov Ceyhun Niyaməddin oğlu İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sadıqov Ceyhun Niyaməddin oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.














