Antiterror əməliyyatları şəhidləri Əliyev Şəhriyar Bəxtiyar oğlu və Abdullayev Seyfi Fəqan oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi
19 sentyabr 2025 | 10:56
19 Sentyabr 2025-ci il tarixdə Sabunçu rayonunda, Antiterror əməliyyatları şəhidləri Əliyev Şəhriyar Bəxtiyar oğlu və Abdullayev Seyfi Fəqan oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfiqar Mirzəliyev, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Əliyev Şəhriyar Bəxtiyar oğlu 1997-ci il avqust ayının 5 -də Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Şəhriyar Əliyev orta təhsilini Bakı şəhəri 307 nömrəli tam orta məktəbində almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal xarakterli antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Əliyev Şəhriyar Bəxtiyar oğlu Bakıxanov qəsəbəsi, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu leytenant Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabr ayının 22 -də Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Seyfi Abdullayev orta təhsilini Bakı şəhəri 148 saylı tam orta məktəbdə almışdır. 2012 ci ildə orta məktəbi bitirib və 2013-cü il oktyabr ayında hərbi xidmətə başlamışdır. Hacıqabul və Naxcıvan Muxtar Respublikasında Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmət edib və 2015 ci il aprel ayında hərbi xidməti başa vurub. Seyfi Abdullayev 2019-cu il yanvar ayında Daxili İşlər Nazirliyinin, Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı taborunda polis nəfəri kimi xidmətə başlayıb. Daha sonra isə polis serjantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışmağa başlamışdır. 19 sentyabr 2023-cü ildə Xocəvəndin Tağaverd kəndində mina terroru nəticəsində şəhid olub. Abdullayev Seyfi Fəqan oğlu Şamaxı rayonu Qəleybuğurd kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullayev Seyfi Fəqan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.














