Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Sabunçu rayon qadınlarının konfransı keçirildi
04 oktyabr 2023 | 17:05
03.10.2023-cü il tarixdə Sabunçu Gənclər Evində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Sabunçu rayon qadınlarının konfransı keçirildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrinin qadın nümayəndələri, YAP-ın Sabunçu rayon təşkilatının fəal qadın üzvləri və rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova konfransı açıq elan edərək bildirdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman fərqlənib və tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Qeyd edildi ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. R.Fərəcova vurğuladı ki, respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Çıxış edən Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzinin direktoru, “Azərbaycan Mədəni İrs Sənətkarlığına dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri, “Atəşgah Art Center” MMC-nin təsisçi rəhbəri, “Art Factory” şirkətinin direktoru, Turizm Agentliyinin dəstəyi ilə yaradılan “Bayatı” brendinin yaradıcı koordinatoru və “İpək Yolu” kəlağayı brendinin təsisçi rəhbəri Aytən Həsənova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova cəmiyyətimizdə qadınların ən çox rastlaşdığı problemlər, erkən evliliklər və onun fəsadları, məişət zorakılığı halları, qadınların məşğulluq məsələləri və s. mövzulara toxunaraq bu məsələlərin həlli istiqamətində öz fikir və tövsiyələrini bildirdilər.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdi.