“Dilimiz varlığımızdır” adlı dəyirmi masa keçirilmişdir
18 aprel 2026 | 12:28
18.04.2026-cı il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 09.04.2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3-cü bəndinin (“Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkili”) icrası ilə əlaqədar “Dilimiz varlığımızdır” adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, həmçinin rayonun qəsəbə bələdiyyələrinin əməkdaşları iştirak etmişlər.
Dəyirmi masada çıxış edən Ədalət Teymurov Ümummilli Lider Heydər Əliyevin ana dilimizin hərtərəfli inkişafı istiqamətində gördüyü mühüm işlərdən bəhs etmişdir. Bildirmişdir ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas rəmzlərindən biri kimi təsbit edilmişdir. O, həmçinin Ulu Öndərin Azərbaycan dilinin siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat vermiş, 2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il avqust ayının 1-nin “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunduğunu diqqətə çatdırmışdır.
Ə.Teymurov çıxışında Ümummilli Lider Heydər Əliyevin doğma dilimizdə yüksək nitq mədəniyyəti ilə hər kəsə nümunə olduğunu, hələ sovet dövründə mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilinin dövlət dili statusu almasına nail olunduğunu vurğulamışdır. O, həmçinin Azərbaycan dilçi alimlərinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini, onların elmi fəaliyyətə təşviq olunmasının dilçiliyin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin dövlət dili siyasətini uğurla davam etdirdiyi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu sahədə qanunvericilik bazası daha da möhkəmləndirilir. Dilimizin qloballaşma şəraitində inkişafı üçün atılan addımların cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyi bildirilmişdir.














