Dulut modelinin yerli icra hakimiyyətlərində tətbiqi məqsədilə təlim keçirilib
18 oktyabr 2024 | 16:18
18 oktyabr 2024-cü il tarixində Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi üzrə məsul əməkdaşları üçün təlim təşkil edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Seymur Məmmədov və Zülfiyyə Sadiq məsul şəxslərə ölkə təcrübəsində mövcud olan hüquqi tənzimləmələr barədə iştirakçılara məlumat verib, məişət zorakılığının böhran vəziyyətlərində situativ həll yollarına dair interaktiv müzakirələr apararaq, proqramın ölkədə tətbiqi və cəmiyyətə faydasından danışıblar.
Qeyd edək ki, təlimin məqsədi “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə" proqramının (Dulut modeli) yerli icra hakimiyyətlərində tətbiqi, Litva təcrübəsi əsasında məişət zorakılığı törətmiş şəxslərin zorakılığa dair baxışlarının dəyişdirilməsi, yaxınlarla münasibətdə aqressiv davranışın dərk edilməsi, mübahisə və münaqişələrin həllində yeni bilik, bacarıqların əldə olunması və hisslərin ifadə olunmasının konstruktiv yollarının müəyyənləşdirilməsidir.