Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahlarla mübarizəyə hüquqi yanaşma” mövzusunda dəyirmi masa keçirilib

28 fevral 2024 | 18:49
28 fevral 2024-cü il tarixində “Xalq” qəzetinin redaksiyasında dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Erkən nikahlarla mübarizəyə hüquqi yanaşma” mövzusunda dəyirmi masa keçirilib.
Məqsədi erkən nikah halları ilə mübarizədə birgə effektiv, çevik və balanslı həll yolunun tapılması olan müzakirələrdə “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, millət vəkili Vüqar İsgəndərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru Emin Nəsirli, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, “Vətəndaşların Əmək Hüquqları Liqası”nın sədri, hüquq müdafiəçisi Sahib Məmmədov, Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova iştirak ediblər.
Çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq, bu istiqamətdə müzakirələrin vacibliyini diqqətə çatdırıblar.
Qeyd edilib ki, erkən nikahların qarşısının alınması ilə bağlı ölkəmizdə bir sıra hüquqi və inzibati xarakterli addımların atılmasına baxmayaraq problem hələ də tam həllini tapmayıb. Təəssüf ki, regionlarda xüsusilə qız uşaqlarının erkən yaşda evləndirilməsi hallarına tez-tez rast gəlinir. 
Həmçinin bildirilib ki, erkən nikah (uşaq evliliyi) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu kimi halların baş verməsi uşaqların hərtərəfli inkişafına mənfi təsir edir, onları təhsildən yayındırır, sosiallaşmasına mane olur. Azərbaycan Respublikasının qanunvericiliyində nikah yaşı 18 olaraq müəyyənləşdirilib. Erkən nikahların qarşısının alınması üçün mövcud qanunvericilik aktlarına və digər normativ-hüquqi aktlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlanmışdır. Lakin bu kimi neqativ halların baş verməsinə şərait yaradan şəxslərin cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsinə zərurət vardır.
O da əlavə olunub ki, BMT-nin Uşaq hüquqları Komitəsi və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsi də bu məsələyə ciddi münasibət bildirib. Qüvvədə olan Ailə Məcəlləsinin 10.2-ci maddəsi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ziddiyət təşkil edir. Belə ki “Uşaq hüquqları” haqqında Konvensiyanın 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. Eyni zamanda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq hesab edilir. 
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə yenidən baxılaraq, həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı ilə bağlı bütün istisnaların qanunvericilikdən çıxarılmasını tövsiyə etmişdir.
Beynəlxalq təcrübədə “uşaq evliliyi”, “erkən nikah” və “nikaha məcburetmə” anlayışları fərqləndirilib. Azərbaycan Respublikasının qanunvericiliyində də bu məsələyə xüsusi diqqət yetirilməsinə, bu anlayışların normativ-hüquqi sənədlərdə öz əksini tapmasına ehtiyacın olduğu vurğulanıb.
Həmçinin nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi, cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlı iştirakçılar tərəfindən fikir mübadiləsi aparılıb.
Çıxış edənlər bildiriblər ki, erkən nikah hallarının qarşısının alınması üçün maariflənmə və cəza tədbirləri paralel olmalıdır. Nikah yaşının istisna hallarda 18 yaşdan 17-yə salınmasının sui-istifadəyə səbəb olduğu qeyd edilərək, bu istiqamətdə ciddi monitorinq aparılmalı, bunun üçün isə səmərəli mexanimzlər  müəyyənləşdirilməlidir.
Həmçinin qeyd olunub ki, Ailə Məcəlləsində dəyişikliklər edilməklə uşağın mənafeyi əsas götürülərək onun təhlükəsiz mühitdə yaşaması üçün zəmin yaradılmalı və bu məsələ uşaq hüquqlarının təmin edilməsi sahəsində əhəmiyyətli addımlardan biri kimi hesab olunmalıdır.
Keçidlər