“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi
31 mart 2023 | 09:01
30.03.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP-ın Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi.
Konfransda iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Yazıçılar Birliyi, Rusiya Yazıçılar İttifaqı və Türkiyə İLESAM-ın üzvü, Prezident təqaüdçüsü Sadıq Qarayev, AMEA tarix institutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filosof, şair Hacı Loğman Qorqud, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kredo qəzetinin baş redaktoru, jurnalist Əlirza Xələfi, AMEA fəlsəfə institutunun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Lətifə Əliyeva və Arzu Əsəd və Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Qaraçaylı çıxış edərək bildirdilər ki, Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir. Vurğulandı ki, ötən illər ərzində Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtmasını tələb kimi ortaya qoymuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək müzəffər orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib “Dəmir Yumruğa” çevrildi və məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin şanlı zəfər ilə bitməsinə yol açdı.