Maştağa qəsəbəsində Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Valeh Kərimov ilə görüş keçirildi
29.03.2023-cü il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Valeh Kərimov ilə görüş keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal, Azərbaycan Respublikasının Xalq artisti, şəhid atası Əli Nur, Əməkdar artist Azad Şükürov və rayon sakinləri iştirak edirdilər.
İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verildi və rol aldığı filmlərdən videoçarxlar təqdim olundu. Sevilən sənətkar çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollarından bəhs etdi. Ulu öndər H.Əliyevin mədəniyyət, incəsənət, teatr, kino xadimlərinə olan səmimi münasibətindən, qayğısından söz açan V.Kərimov dövlət tərəfindən mədəniyyət sahəsinə xüsusi qayğı göstərildiyini vurğuladı.
Tədbirdə xalq artistləri İlham Namiq Kamal, Əli Nur, Əməkdar artist Azad Şükürov çıxış edərək aktyorun sənətindən və yaratdığı obrazlardan danışdılar, sevilən müğənnilər isə ifaları ilə tədbirə rəng qatdılar.