Maştağa qəsəbəsində “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbir keçirildi
24 fevral 2023 | 11:39
24.02.2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Maştağa qəsəbəsində yerləşən tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının sektor müdiri Aytən Tarverdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Tural Hüseynzadə və Təranə Piriyeva, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı), Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq hekayələri yazarı və “Ting” nəşriyyatının təsisçisi Çinarə Köçərli, Sabunçu rayonunun Maştağa qəsəbə bələdiyyə sədri Mikayıl Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Maştağa qəsəbəsində yerləşən tam orta məktəblərin direktorları, müəllim və şagird heyəti iştirak edirdilər.
Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, şeir və mahnılar səsləndirdilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir. Qeyd olundu ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması dövlət siyasətinin prioritetlərindəndir. R.Fərəcova vurğuladı ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir.
R.Fərəcova məlumat verərək bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar yaradılmış, rayon üzrə bütün bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilmişdir. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə və ya şikayətlərini birbaşa Komissiya üzvlərinə çatdıra bilərlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının sektor müdiri Aytən Tarverdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə və Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı) çıxış edərək insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı dövlətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açdılar.
Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində fəal iştirak edən məktəblilər və direktorlar Sabunçu rayonunun Maştağa qəsəbə bələdiyyəsi tərəfindən diplom və hədiyyələrlə təltif olundular.