Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil edilib
31 oktyabr 2022 | 18:08
31 oktyabr 2022-ci il tarixində Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil edilib.
KİV nümayəndələrinin nəzərinə çatdırılıb ki, “ABAD” publik hüquqi şəxsin yaratdığı keramika mərkəzləri ölkəmizin, eləcə də regionun unikal bir yaradıcılıq platformasıdır.
2018-2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ("TİKA") tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır.
Mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə və s. proseslərini ərsəyə gəlməsinə dəstək verir.
Hazırda Mərkəzdə on əməkdaş daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır.
Ölkəmizdə yeni brendlərin əsasının qoyulması “ABAD”ın ali məqsədlərindəndir. Belə ki, Mərkəzdə yaradılmış şəraitdən və “ABAD” xidmətlərindən yararlanmaqla “ART Factory” adlı yeni “ABAD”çı müəssisə formalaşıb. “ABAD”çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir.