Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsində “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirildi

06 dekabr 2024 | 09:34
06.12.2024-cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Vəliyeva çıxış edərək bildirdi ki, hər il “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası  “25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”ndən başlayaraq “10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü”nədək beynəlxalq səviyyədə qeyd edilir. Qeyd olundu ki, kampaniyanın məqsədi dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışları etməkdir. R.Vəliyeva insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı cəmiyyətimizdə gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həllinə dair reallaşdırılan silsilə tədbirlərdən söz açdı.
Tədbirdə iştirak edən millət vəkilləri Pərvin Kərimzadə və Vüqar İskəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova, Yazıçılar birliyinin üzvü Lətifə Əliyeva, Eduroom.az saytının rəhbəri, əməkdar müəllim Sona Əliyeva, Nardaran Sağlamlıq Mərkəzinin pediatoru Leyla Musayeva və digərləri erkən nikah və qohumlar arasında nikah hallarının gənclərin həyatında törətdiyi fəsadlardan söz açaraq və bu halların qarşısının alınması istiqamətində aidiyyəti qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verərək ümumilikdə cəmiyyəti bu kimi mövzulara həssas yanaşmağa və birgə mübarizə aparmağa səslədilər.
 
Tədbirin sonunda qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
Keçidlər