Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi

02 dekabr 2025 | 11:45
02.12.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 213 nömrəli məktəb-liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, həkim-narkoloq, həkim-psixoloq, məktəbin şagird və müəllim kollektivi, eləcə də valideynlər iştirak etdilər.
İlk öncə məktəbin direktoru İlahə Novruzova çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışdı və qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarxı izlədilər.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov açaraq narkotik vasitələrin zərərləri, onların yaratdığı ağır nəticələr, həmçinin hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. Daha sonra tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya, onun fəsadları və gətirdiyi faciələr barədə tədbir iştirakçılarına məlumat verdi. Ə.Teymurov yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişafı istiqamətində ölkədə həyata keçirilən islahatlardan, eləcə də narkotiklə bağlı qəbul olunmuş 2025–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramından danışaraq ətraflı məlumat verdi.
Digər çıxış edənlər respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün təbliğat və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar. Onlar gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürərək məktəblilərə, müəllimlərə və valideynlərə müxtəlif tövsiyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər