Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbirlər keçirilib

19 fevral 2026 | 10:14
Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 94 nömrəli tam orta məktəb və 74 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 17 sentyabr 2025-ci il tarixdə təsdiq edilmiş 721 nömrəli Sərəncama əsasən qüvvəyə minmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası çərçivəsində təşkil olunub.
19 fevral 2026-cı il tarixində 94 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Sabunçu Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Rauf Allahverdiyev, Azərbaycan Respublikası Narkoloji Mərkəz Publik Hüquqi Şəxsin həkim-narkoloqu və Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsin klinik-psixoloqu iştirak ediblər.
20 fevral 2026-cı il tarixində 74 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə isə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkoloji Mərkəzin həkim-narkoloqu Leyla Məmişova, Respublika Psixiatriya Xəstəxanasının klinik-psixoloqu Elmira Alıcanova, valideynlər, müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın cəmiyyət üçün ciddi sosial bəla olduğunu, onun mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına təhlükə yaratdığını xüsusi vurğulayıblar. Eyni zamanda ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlər çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomaniya ilə mübarizə sahəsində məktəbdaxili təşəbbüslərdə fəallıq göstərən şagirdlərə Sabunçu Rayon Polis İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin gənc nəslin sağlam, savadlı və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verdiyi qeyd edilib.
Keçidlər