Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbir 27 fevral 2026-cı il tarixində Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə təşkil olunub.
Maarifləndirici görüş İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası çərçivəsində baş tutub.
Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkoloji Mərkəzin həkim-narkoloqu Rövşən Kərimli, Respublika Psixiatriya Xəstəxanasının klinik-psixoloqu Ofelya Məmmədova, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın fəsadlarından, onun cəmiyyət üçün ciddi sosial bəla olmasından, ölkədə bu istiqamətdə aparılan mübarizə tədbirlərindən danışıblar. Qeyd olunub ki, narkomaniya cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, eyni zamanda cinayətkarlığın artmasına səbəb olur.
Natiqlər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verərək, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsinin, sağlam inkişaf etməsinin və zərərli vərdişlərdən uzaq qalmasının vacibliyini vurğulayıblar. Bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Narkomaniya ilə mübarizə mövzusunda məktəbdə təşkil olunan tədbirlərdə fəal iştirak edən bir qrup şagirdə Sabunçu Rayon Polis İdarəsi tərəfindən fəxri fərmanlar təqdim edilib.