“Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” mövzusunda hesabatın təqdimatı keçirildi
22 fevral 2023 | 19:24
22 fevral 2023-cü il tarixdə Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində hazırlanan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” mövzusunda hesabatın təqdimatı keçirildi.
Təqdimat mərasimində bir sıra dövlət qurumlarının məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.
Çıxış edən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbərinin müavini Kyrylo Boicheniuk bildirdi ki, bu hesabat daxili qanunvericilik və siyasət bazasının beynəlxalq standartlara daha da uyğunlaşdırılmasında Azərbaycanın səlahiyyətli orqanlarına dəstək olmaq üçün hazırlanmışdır.
Layihənin əhəmiyyətini qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək məişət zorakılığı ilə mübarizə istiqamətində məlumatlılığın artırılması, institusional mexanizmlərin və peşəkar bacarıqların gücləndirilməsinin adıçəkilən layihənin əsas məqsədi olduğunu diqqətə çatdırdı.