“Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirildi
07 mart 2023 | 13:11
07.03.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə erkən nikahın mənfi təsirlərinə həsr olunmuş “Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirildi.
Filmdə təhsil alıb hüquqşünas olmaq arzusunda olan 14 yaşlı yeniyetmənin uşaq evliliyinə məcbur edilməsi və evliliyin mənfi nəticələrlə sonlanması əks olunub.
Filmdə peşəkar aktyorlarla yanaşı gənclər də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Nərgiz Babayeva filmin yaradıcı heyətinə təşəkkür edərək erkən nikahın fəsadlarından söz açdı.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova bildirdi ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində gender əsaslı zorakılıq aktual məsələlərdən biridir. Qeyd olundu ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması dövlət siyasətinin prioritetlərindəndir. R.Fərəcova vurğuladı ki, ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir.
Daha sonra yazıçı, publisist Zöhrə Əsgərova, Sabunçu rayon Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova, Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin direktoru Mətanət Məmmədova, vəkillər kollegiyasının üzvləri, ictimaiyyət və media nümayəndələri və s. çıxış edərək bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının önəmini vurğuladılar.
Sonda isə müğənni-bəstəkar Elza Seyidcahan öz ifası ilə xanımları qarşıdan gələn “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etdi.