Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Sabunçu qəsəbəsində keçirildi
15 mart 2023 | 11:58
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 14.03.2023-cü il tarixdə Sabunçu qəsəbəsi 311 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Sabunçu QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Sabunçu bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
İlk olaraq, RİH başçısı sakinləri “Torpaq və İlaxır Çərşənbə”si münasibəti ilə təbrik edərək, onlara sülh və əmin-amanlıqla dolu bir il arzuladı. A.Vəliyev Novruz bayramının insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsini təcəssüm etdirən bir bayram olduğunu qeyd edərək Ulu öndər Heydər Əliyev və onun siyasi davamçısı Prezident İlham Əliyevin xidmətləri sayəsində xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanıldığı və daha da inkişaf etdirildiyini vurğuladı.
Daha sonra qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən kanalizasiya sisteminin təmiri, məişət məsələləri, küçə itləri, işıq təchizatı və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Qəbulun sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən qəbul iştirakçılarına bayram sovqatı təqdim edilib.