Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Maştağa qəsəbəsində keçirildi
06 iyul 2026 | 18:08
06.07.2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Maştağa qəsəbəsində, Maştağa Mədəniyyət Mərkəzinin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti Aparatının şöbə və sektor müdirləri, RİH başçısının Maştağa qəsəbəsi üzrə QİƏD nümayəndəliyinin əməkdaşları, Maştağa qəsəbə bələdiyyəsinin sədri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, rayonun inkişafına yönəlmiş layihələr və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərək, dövlət siyasətinin regionlarda ardıcıl və sistemli şəkildə icra olunduğunu vurğuladı.
Daha sonra qəsəbə sakinləri rayonda həyata keçirilən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirərək, vətəndaşların problemlərinin dinlənilməsi məqsədilə mütəmadi keçirilən səyyar görüşlərə və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Görüş zamanı qəsəbə sakinləri işlə təmin olunma, maddi köməklik göstərilməsi, ağacların budanması, sahibsiz küçə itlərinin təhlükə yaratması, küçə işıqlarının yanmaması və digər məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək köməklik göstərilməsini xahiş etdilər.
Müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi məqsədilə aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qeyd olunan məsələlərin müsbət həlli istiqamətində operativ tədbirlərin görülməsi təmin edildi.














