Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Ramana qəsəbəsində keçirildi
01 mart 2023 | 10:56
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 01.03.2023-cü il tarixdə Ramana qəsəbəsi 90 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Ramana bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən qəsəbə ərazisində yol infrastrukturunun bərpası və təmiri, məişət məsələləri, içməsi su ilə təchizat, kanalizasiya sisteminin əsaslı təmiri, maddi yardım və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Sabunçu rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.