Rayon İcra Hakimiyyətinin əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.
01 dekabr 2025 | 19:25
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əsədov Vüqar Həsən oğlu “Tərəqqi” medalı ilə təltif edilmiş və medalın təqdimetmə mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı.
Daha sonra A.Vəliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı.
Tədbirdə Vüqar Əsədovun dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyət və xidmətlərini qeyd etdikdən sonra cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalını V.Əsədova təqdim etdi.
Təqdimat mərasimində iştirakçılar təltif olunan V.Əsədovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladılar.
Əsədov Vüqar Həsən oğlu 28 noyabr 1965-ci il tarixdə Naxçıvan MR, Şərur rayon Qıvraq kəndində doğulmuşdur.
1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil ilə bağlı Bakı şəhərinə köçmüşdür. Elə həmin ildən əmək fəaliyyətinə Maşınqayırma zavodunda başlamış və müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən Bakı şəhəri, Sabunçu rayon Zabrat bələdiyyəsinin üzvü seçilmişdir.
2003-cü il 18 iyul tarixdən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müxtəlif qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində müavin və nümayəndə vəzifələrində çalışıb. 16 mart 2021-ci ildən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.
Hazırda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmaqla 22 il 3 ay dövlət qulluğu stajına malikdir.
1993-cü il mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I Qurultayında siyasi şuranın üzvü seçilmişdir.
Vüqar Əsədov dövlətə və Prezidentə sadiq olmaqla, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirir. Özünün etik davranışı və peşəkar fəaliyyəti ilə hər kəsin inamını artırmağı və möhkəmləndirməyi, ölkəsinin, çalışdığı dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyi, öz adını və şərəfini uca tutmağı yüksək səviyyədə bacarır.














