Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi
31 oktyabr 2022 | 11:33
31 Oktyabr 2022-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Alıyev Qələndər Nofəl oğlu 31 oktyabr 2001-ci ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunda yerləşən 170 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu dövrdə kikboksinq idman növü ilə məşğul olmuşdur. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə çağrılmış, Vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak etmişdir. Suqovuşan-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.