Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi

28 oktyabr 2025 | 17:56
28.10.2025-ci il tarixdə Sabunçuy Rayon İcra hakimiyyətinin akt zalında Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Həsənli, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Şuranın baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı,  rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və konfrans iştirakçılarını salamlayaraq, müstəqil dövlətimizin inkişafında və möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətindən söz açdı. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev mənəvi dünyamızda, milli mentalitetimizdə ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu qeyd etdi. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətindən, bilavasitə onun rəhbərliyi ilə ölkəmizdə, o cümlədən işğaldan azad olmuş ərazilərdə aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən geniş söz açdı və xalqımızın ağsaqqal sözünə, məsləhətinə qulaq asdığını və ağsaqqalların da bu istiqamətdə hər zaman töhfə verdiyini diqqətə çatdırdı və konfransın işinə uğurlar arzuladı.
Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, təşkilat üzvləri aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər, tədbirlər keçirir, gənclərlə maarifləndirici işlər aparır. Natiq, həmçinin, vurğuladı ki, hesabat dövrü ərzində ağsaqqallar rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində öz səylərini əsirgəməyiblər. Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı çıxışının sonunda əmin edib ki, rayon ağsaqqalları bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Konfransda çıxış edən Sabunçu Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağanəcəf Qədirov və başqaları rayon əhalisinin ağsaqqalların sözünə böyük önəm verdiyini vurğulayaraq, onların fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, rayonun bütün sahələrində aktiv fəaliyyət göstərən ağsaqqallar rayonun ictimai-siyasi və mədəni tədbirlərdə də yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov konfransda  çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Rayon ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirən natiq qeyd etdi ki, Sabunçu rayonunun, onun qəsəbə və kəndlərinin əhalisi daim milli-mənəvi dəyərlərimizə, dinimizə bağlılıqları və dövlətimizə sədaqətləri ilə seçiliblər. Ulu Öndər Heydər Əliyevi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər. Sonra ölkəmizdəki inkişaf prosesindən danışan natiq vurğuladı ki, Ümummilli Liderimizin arzuladığı  daha qüdrətli Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentimizin həyata keçirdiyi strateji tərəqqi xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib. Bu gün xalqımız özünün yeni inkişaf tarixinə qədəm qoyub, dövlətimizin suverenliyi tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyini möhkəmləndirmək və dünyada mövqeyini daha da yüksəltmək istiqamətində ölkəmiz öz gücünü daim artıracaqdır. Öz nitqində Sabunçu Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab edən Eldar İbrahimov ağsaqqallara daha fəal olmağı tövsiyə edərək, bu gün artmaqda olan boşanma hallarının, narkomaniya və digər zərərli vərdişlərə aludəçiliyin qarşısını almaq üçün gənclərlə maarifləndirmə işlərini artırmağı və cəmiyyətimizdəki digər çatışmazlıqlara qarşı təsirli tədbirlər, görüşlər həyata keçirməyi vacib hesab edib.  Çıxışının sonunda ağsaqqalların əsas missiyasının milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və gələcək nəslə ötürürülməsi olduğunu bildirən natiq bu yolda onlara uğurlar arzulayıb.
Keçidlər