Sabunçu rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.
14 noyabr 2022 | 18:28
14.11.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Sabunçu rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.
İlk olaraq tədbir iştirakçıları Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndərin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Respublika Ağsaqqallar Şurasının məsul əməkdaşları, Sabunçu rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev açaraq bildirdi ki, Sabunçu rayon Ağsaqqallar Şurası 2008-ci ilin avqust ayında təsis edilib və Şuranın rayonun bütün qəsəbələrində dayaq məntəqələri yaradılıb. Hazırda 150-yə yaxın üzvü olan rayon təşkilatı fəaliyyətini Respublika Ağsaqqallar Şurasının nizamnaməsinə uyğun qurur, iş planı əsasında həyata keçirir. Proqram formasında tərtib edilən iş planı hər ilin sonunda təsdiq edilir. Görülmüş işlər barədə Respublika Ağsaqqallar Şurasına müvafiq məlumatlar verilir. Qeyd olundu ki, ötən illər ərzində rayon Ağsaqqallar Şurası xüsusilə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bir sıra töhvələr vermişdir. Rayon ağsaqqalları rayon və respublika səviyyəli tədbirlərdə iştirak edərək dövlətçilik tariximiz, böyük zəfərimizin əldə olunmasında ümumxalq birliyi, vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və s. bu kimi mövzular ətrafında söhbətlər aparır, kütləvi informasiya vasitələrində çıxışlar edirlər.
Çıxışının sonunda E.Quliyev rayon təşkilatının fəaliyyətinə, eləcə də yeni seçiləcək Sabunçu rayon Ağsaqqallar Şurasının sədrinə, İdarə Heyətinin yeni üzvlərinə uğurlar dilədi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çıxış edərək Sabunçu rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirdi. Ağsaqqalların cəmiyyətdəki mövqeyini xüsusi vurğulayan G.Məmmədov yetişməkdə olan yeni nəslin tərbiyəsində, cəmiyyətdə əxlaqi dəyərlərin formalaşmasında və ailə institutunun möhkəmləndirilməsində ağsaqqalların mühüm rola malik olduğunu bildirdi. G.Məmmədov Rayon Ağsaqqallar Şurasının qarşısında duran vəzifələrdən söz açaraq yeni seçiləcək heyətə uğurlar arzuladı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Sabunçu rayon Ağsaqqallar Şurası üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirakından söz açaraq Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən komissiyalara, eyni zamanda rayon qəsəbə bələdiyyələrində fəaliyyət göstərən Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair komissiyalara Sabunçu rayon Ağsaqqallar Şurası üzvlərinin cəlb olunması ilə bağlı təklif irəli sürdü.
Sonda təşkilati məsələlərə baxıldı və səsvermə nəticəsində Sabunçu rayon Zabrat qəsəbə sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Səfərov Vəli Nadir oğlu (Vəli Qaraçaylı) Sabunçu rayon Ağsaqqallar Şurasının sədri seçildi. Konfransda həmçinin Sabunçu rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni üzvləri də səsvermə yolu ilə seçildilər.