Sabunçu Rayon İcra Hakimiyyətində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi
30 dekabr 2022 | 18:43
30.12.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd etdi ki, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan xalqının birlik günüdür və bu bayramın qeyd edilməsi artıq dünya azərbaycanlıları tərəfindən bir ənənəyə çevrilmişdir. A.Vəliyev öz çıxışında bu bayramın yaranma tarixindən bəhs edərək Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğunu və canab Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini bu gündə layiqincə davam etdirdiyini xüsusi vurğuladı.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək qeyd etdi ki, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Vurğulandı ki, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik, inkişaf etmiş dövlətləri sırasına gətirib çıxarmışdır.
Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bayram münasibətilə tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik etdi və uğurlar arzuladı.