Sabunçu Rayon İcra Hakimiyyətində “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib
24 sentyabr 2026 | 18:10
24.09.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “27 Sentyabr – Anım Günü”nün altıncı ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak edib.
Tədbir Sabunçu Rayon İcra Hakimiyyətinin foyesində “27 Sentyabr – Anım Günü”nə həsr edilmiş rəsm sərgisinə baxışla başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrdan başlayan Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində yaratdığı silahlı qüvvələrini darmadağın edərək böyük qələbə əldə edib.
A.Vəliyev vurğulayıb ki, Azərbaycan xalqı öz Lideri – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qətiyyətini, mətinliyini, mübarizliyini və ən əsası, birliyini nümayiş etdirib. 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı, şərəfli və parlaq səhifələrindən birinə çevrilərək Azərbaycan xalqının iftixar və qürur mənbəyi olub.
Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmiş mayor Səyavuş Hümbət oğlu Kəlbalıyevin həyat yoldaşı Pərvanə Məhəmməd qızı Kəlbalıyeva və Vətən müharibəsi iştirakçısı, II qrup əlil, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Sərxan Yaşar oğlu Abbasov çıxış ediblər.
Çıxış edənlər Azərbaycan xalqının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda hər zaman mübarizə apardığını, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində şanlı Zəfərlə başa çatdığını qeyd ediblər.
Çıxışlarda Vətənimizin ərazi bütövlüyünün şəhidlərimizin canı və qanı bahasına bərpa edildiyi vurğulanıb, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi və onların şanlı döyüş yolunun gənc nəsil üçün hər zaman nümunə olacağı bildirilib.

















