Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşlarına təlim keçirildi
23 may 2024 | 16:38
23.05.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində İnstitutun təlimçiləri tərəfindən RİH-nin əməkdaşlarına “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edərək yerli icra hakimiyyəti orqanlarında çalışan əməkdaşların bilik və bacarıqlarının daha da artırılması məqsədilə bu kimi təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verərək gələcək planlardan söz açdı.
İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, təlimçi Vüsalə Muradxanlı, həmçinin şöbənin əməkdaşları təlimçi-ekspertlər Ülvi Abbasov və Heydər Əliyev təqdimatlarla çıxış etdilər.
Təlimdə vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya ilə mübarizə mövzuları ətrafında müzakirələr aparıldı, habelə korrupsiya hallarına dair əldə edilən statistik məlumatlar müqayisəli şəkildə təhlil edildi.
Sonda təlimin yekun qiymətləndirilməsi keçirildi və təlim iştirakçılarına sertifikatlar təqdim edildi.