Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
27 sentyabr 2023 | 18:16
27.09.2023-cü il tarixdə “27 Sentyabr – Anım Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.