Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon Məhkəməsində rayon gənclərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa təşkil edildi

20 avqust 2025 | 17:41
20.08.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Məhkəməsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Sabunçu Rayon Məhkəməsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon gənclərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa təşkil edildi.  
Tədbirdə Sabunçu Rayon Məhkəməsinin sədri Vidadi Qasımov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Sabunçu Rayon Məhkəməsinin hakimləri Elnurə Rəcəbova, Samirə Məmmədli, Nilufər Cəfərli və Ruslan Mirzəliyev, Sabunçu Gənclər Evinin əməkdaşları İbrahim Abbasov və Lamiyyə Nuriyeva və rayonun bir qrup fəal gənci iştirak edirdilər.
Sabunçu Rayon Məhkəməsinin sədri Vidadi Qasımov gəncləri salamlayaraq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu bildirdi. Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışan V.Qasımov 1993-cü ildə xalqın təkidli çağırışları ilə hakimiyyətə geri qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan  bəhs edərək müasir Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunduğunu, bu gün həmin Konstitusiyanın hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərdə tam bərqərar olduğunu vurğuladı. Qeyd olundu ki,  30 il bundan öncə Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə ölkənin Əsas Qanunu - Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Konstitusiya bir əsrə yaxın dövrdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən etdi.
Sonra Sabunçu Rayon Məhkəməsinin sədri V.Qasımov və hakimlər mövzu ətrafında gəncləri maraqlandıran sualları cavablandırdılar.
Daha sonra hakim Elnurə Rəcəbovanın iştirakı ilə gənclər məhkəmə zalları ilə tanış olaraq məhkəmə proseslərinin keçirilməsi qaydaları barədə ətraflı məlumat əldə etdilər.
Keçidlər