Sabunçu rayonunda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görüş keçirildi
13 sentyabr 2022 | 14:40
13.09.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Fərəcova, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Sədi İsmayılov, Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Seymur Məmmədov, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə əməkdaşları, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri və rayon üzrə bələdiyyələrin nəzdində yaradılmış Gender Məsələləri və Məişət Zorakılığı ilə Mübarizəyə dair Komissiyaların sədrləri iştirak edirdilər.
İlk olaraq iclas iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Sədi İsmayılov çıxış edərək yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət qurumları ilə işin təkmilləşdirilməsi, polislə qarşılıqlı əlaqələrin daha səmərəli qurulmasının vacibliyini vurğuladı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Fərəcova son günlərdə azyaşlılara qarşı baş verən məişət zorakılığı halları ilə bağlı məsələlərin diqqətdə saxlanılması, xüsusilə də azyaşlılar arasında təhsildən yayınma və erkən nikah hallarının qarşısının alınması istiqamətində rayonun ümumtəhsil müəssisələri, hüquq-mühafizə orqanları və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən birgə qabaqlayıcı, maarifləndirici və ardıcıl tədbirlərin görülməsinin əhəmiyyətindən söz açdı.
Daha sonra çıxış edən Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Seymur Məmmədov və digərləri uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində mövzulara toxundular.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı, təkliflər dinlənildi.