Sabunçu rayonunda məişət zorakılığının qarşısının alınması istiqamətində görüş keçirildi
27 may 2022 | 08:51
27.05.2022-ci il tarixdə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Komitənin məsul əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Bakı şəhəri üzrə yerli icra hakimiyyətləri başçılarının müavinləri, yerli icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, təhsil, səhiyyə və hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon bələdiyyə sədrləri iştirak edirdilər.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı. O, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayaraq Sabunçu rayonu üzrə tətbiq olunan yeni pilot layihənin yaxın gələcəkdə digər rayonlarda da tətbiq olunacağını qeyd etdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova layihə haqqında məlumat verərək bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq ilk dəfə Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başlamışdır. Qeyd olundu ki, Sabunçu rayonunda həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində rayon üzrə bütün bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilmişdir. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edirlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır. R.Fərəcova vurğuladı ki, məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə komissiya üzvləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərə cəlb olunur.
Daha sonra mövzu üzrə aparılan müzakirələr zamanı monitorinq qruplarının sədrləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verdilər.