Sabunçu rayonunda 14 İyul – Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü münasibətilə tədbir keçirildi
14 iyul 2026 | 18:14
14 iyul 2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aparatın məsul əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, 1969-cu il iyulun 14-ü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Qeyd olundu ki, məhz həmin tarixdən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikada bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara başlanılmış, ölkənin sosial-iqtisadi, elmi, mədəni və sənaye potensialının inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Çıxışı zamanı A.Vəliyev vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik ənənələri daha da möhkəmləndi, milli maraqlara əsaslanan inkişaf strategiyasının əsası qoyuldu. O bildirdi ki, dahi şəxsiyyətin müəyyən etdiyi inkişaf yolu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bu siyasət nəticəsində bütün sahələrdə yeni nailiyyətlər qazanır.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək, onun zəngin siyasi irsinin gələcək nəsillər üçün mühüm örnək olduğunu qeyd ediblər.














