Sabunçu rayonunda “15 İyun – Milli Qurtuluş Günü” qeyd olundu
14 iyun 2024 | 07:58
14.06.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək "Milli Qurtuluş Günü" münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. A.Vəliyev bildirdi ki, tariximizə qızıl hərflərlə yazılmış “15 İyun – Milli Qurtuluş Günü” Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevdir. Qeyd olundu ki, həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. A.Vəliyev vurğuladı ki, Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bugün ölkəmiz regionda söz sahibidir.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov və müavin Rəna Vəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə aparılan çoxşaxəli işlər və islahatlardan söz açdılar.