Sabunçu rayonunda “15 iyun-Milli Qurtuluş Günü” və “Şuşa İli”nə həsr olunmuş “Xarıbülbül” musiqi festivalı keçirildi
10 iyun 2022 | 11:30
10.06.2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı və Sabunçu qəsəbəsi 67 saylı tam orta məktəbin təşkilatçılığı ilə “15 iyun-Milli Qurtuluş Günü” və “Şuşa İli”nə həsr olunmuş “Xarıbülbül” musiqi festivalı keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, QHT-lərin rayon təşkilat rəhbərləri, rayonun təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A.Vəliyev qeyd etdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, bayramların bayramıdır. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu öndər Heydər Əliyevdir. Hakimiyyət böhranının 1993-cü ilin iyununda kulminasiya nöqtəsinə çatdığından söz açan A.Vəliyev o vaxtlar ölkədə xaos, anarxiya yarandığını və vətəndaş müharibəsinin baş qaldırdığını xatırlatdı. A.Vəliyev 1991-1993-cü illəri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlandığını vurğulayaraq Ulu öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
Çıxışdan sonra Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Daha sonra tədbir Sabunçu qəsəbəsi 67 saylı tam orta məktəbin şagird və müəllim heyətinin ifasında ölkəmizdə yaşayan azxalqlı nümayəndələrin folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət musiqi festivalı ilə davam etdi.