Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 sentyabr – Dövlət Suverenliyi Günü” ilə əlaqədar “Şanlı Zəfərdən Yeni Zirvələrə” adlı tədbir keçirilib

18 sentyabr 2026 | 12:11
18.09.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 sentyabr – Dövlət Suverenliyi Günü” ilə əlaqədar Maştağa qəsəbəsində yerləşən Maştağa Mədəniyyət Mərkəzində “Şanlı Zəfərdən Yeni Zirvələrə” adlı tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, Arzuxan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, idman, gənclər və mədəniyyət müəssisələrinin, xidmət sahələrinin, QHT-lərin Sabunçu rayon təşkilatlarının və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Maştağa qəsəbəsi istirahət parkında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, hər bir xalqın öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir.
A.Vəliyev vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat 43 dəqiqə davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ olub.
Digər çıxış edənlər – YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov və Arzuxan Əlizadə çıxış edərək bildiriblər ki, tarix elə günlər yaradır ki, həmin günlər təqvimdə adi bir tarix olmaqdan çıxaraq xalqın yaddaşına, milli qüruruna və dövlətçilik salnaməsinə çevrilir. 20 sentyabr da Azərbaycan xalqı üçün məhz belə əlamətdar günlərdən biridir. Bu tarix artıq yalnız təqvimdəki bir gün deyil, milli iradənin, dövlət suverenliyinin, Vətən uğrunda mübarizənin və tarixi ədalətin bərpasının rəmzidir.
Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm tarixdir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Keçidlər