Sabunçu rayonunda “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirildi
19 sentyabr 2025 | 17:55
19.09.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Həsənli, müavinlər Ramil Əliyev və Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Azər Allahverənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, idman, gənclər və mədəniyyət müəssisələri, xidmət sahələri, QHT-lərin Sabunçu rayon təşkilatları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“20 Sentyabr-Dövlət Suverenliyi Günü” ilə bağlı hazırlanmış videoçarx nümayiş olunduqdan sonra tədbirin rəsmi hissəsini açıq elan edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirdi ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuşdur. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etmişdir. Bütün sərhədlərimizdə dövlət nəzarəti təmin olunmuşdur. Qeyd olundu ki, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirmişdir. 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olunmuşdur. A.Xudadanov vurğuladı ki, bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ olmuşdur.
Milli Məclisin deputatı Azər Allahverənov, Vətən Müharibəsi qazisi, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə”, “Cəbrayılın, Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov, Ramana qəsəbəsi, Publik hüquqi şəxs statuslu 338 nömrəli tam orta məktəbin direktoru Fərid Ağalıyev çıxış edərək bildirdilər ki, müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərdir. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi üçün mühüm tarixdir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.














