Sabunçu rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar toplantı keçirildi
20 yanvar 2026 | 16:46
20.01.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş toplantı keçirildi.
Toplantıda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirdi ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi kimi yer almışdır. O qeyd etdi ki, həmin faciəli günlərdə öz ölkəsinin və xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
A.Vəliyev vurğuladı ki, 20 Yanvar hadisələri xalqımızın tarixində həm qanlı faciə, həm də şərəfli, qürur duyulacaq bir gündür. O, Ulu Öndər Heydər Əliyevin həmin dövrdə baş verən hadisələrə verdiyi siyasi qiymətdən və cəsarətli çıxışlarından bəhs edərək, 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırdı.
Çıxışda, həmçinin qeyd olundu ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımız düşmən üzərində şanlı qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Bu gün Azərbaycanın dünya ölkələri arasında həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə yüksək nüfuza malik olduğu xüsusi vurğulandı.
Sonda bildirildi ki, Ulu Öndərin siyasi irsinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm tədbirlər həyata keçirilir. Onlara göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.














