Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirildi

19 yanvar 2023 | 17:40
19.01.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində 20 Yanvar faciəsinin  33-cü ildönümü ilə əlaqədar “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP-ın Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmlər doktoru, professor Adilə Abbasova, YAP-ın Veteranlar Şurasının üzvü,Fizika-riyaziyyat elmlər doktoru, professor Misir Mərdanov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Rövşən Abbasov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin bir sıra digər nümayəndələri iştirak edirdilər.
 
İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirdi. Qeyd olundu ki, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Daha sonra çıxış edən YAP-ın Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmlər doktoru, professor Adilə Abbasova, YAP-ın Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmlər doktoru, professor Misir Mərdanov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Rövşən Abbasov 20 Yanvar hadisələrinin xalqımızın tarixində həm qanlı bir gün, həm də şərəfli, qürur duyulacaq bir tarix olduğunu vurğulayaraq Ulu Öndər Heydər Əliyevin o dövrdə baş verən hadisələrə verdiyi siyasi qiymət və cəsarətli çıxışlarından söz açdılar. Bildirildi ki, həmin qanlı hadisələrə görə müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə gedərək Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejiminin bu çirkin əməlini şiddətlə qınayan bəyanatla çıxış etmiş, xalqımızın haqq səsini cəsarətlə bütün dünyaya çatdırmışdır. Ulu öndərin siyasi irsinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq həyata keçirilən tədbirlər, onlara göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. 
 
Tədbirinin sonunda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 20 Yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində böyük zəfərə imza atdığını, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu qeyd etdi və bugün Azərbaycanın dünya ölkələri arasında həm siyasi, həm iqtisadi, həm hərbi sahələrdə yüksək nüfuza malik olduğunu diqqətə çatdırdı.
Keçidlər