Sabunçu rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirildi
Sabunçu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 09 dekabr 2025-ci il tarixində “ Sabunçu rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirildi.
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev, FHN Bakı Regional Mərkəzin rəisinin I müavini polkovnik İlqar Səfərov, FHN Bakı Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Rəşad Quliyev, FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sabunçu Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak etdilər.
Müşavirənin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi oldu.
Müşavirədə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Ramil Əliyev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğuladı.
Sonra Rayon üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Rauf Şıxəliyev “Rayon üzrə mülki müdafiənin vəziyyəti” barədə məlumat verdi.
Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” (2024-2025-ci illər üzrə statistik məlumatlar) mövzularında ətraflı məlumat verdilər. Müşavirənin sonunda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırıldı.














