Sabunçu rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
23 yanvar 2026 | 11:43
23.01.2026-cı il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev, Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri hesabat məruzəsi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Konstitusiya və Suverenlik İli kimi qeyd etdiyimiz 2025-ci il bir sıra ciddi siyasi və iqtisadi uğurlarla yadda qaldı. Bu il həm də böyük Zəfərimizin beşinci ili kimi tarixə düşdü. Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Sabunçu rayonunun sosial-iqtisadi sahələrində inkişaf davam etmiş və əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Belə ki, 2025-ci il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən 571.6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2024-cü illə faktiki qiymətlərlə müqayisədə 4.4 faiz çoxdur. 2025-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 milyard 732 milyon manatlıq əmtəə satılmışdır ki, bu da əvvəlki ildəkinə nisbətən 3.0 faiz artım deməkdir. Satılmış əmtəələrin 13.2 faizi hüquqi şəxslərin, 3.8 faizi rayonda fəaliyyət göstərən əmtəə bazarlarının, 83 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
2025-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün il ərzində maliyyə mənbələrindən əsas kapitala 863.9 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 1.7 dəfə çoxdur. 2025-ci ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 640.9 milyon olmuşdur ki, bu da 2024-ci ilin yanvar-dekabr aylarındakına nisbətən 2.1 dəfə çoxdur.
2025-ci il ərzində əvvəlki ilə nisbətən işəmuzd işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,3 faiz artaraq 988.2 manat olmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlər il ərzində Sabunçu rayonunda da davam etdirilmiş, sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılmış, yeni istehsal, məşğulluq sahələri yaradılmışdır. 2025-ci ildə rayonda 3029 yeni iş yeri açılmışdır.
A.Vəliyev qeyd etdi ki, Sabunçu rayonunun Nardaran, Kürdəxanı və Pirşağı qəsəbələri ərazisində yerləşən, daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə ehtiva edən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla inkişaf edir. Bura çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.
Xəzər dənizinin sahilində, Bakı şəhərinin mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektardan çox ərazini əhatə edir. “Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Bundan əlavə istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb.
Sözügedən şəhərcikdə artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə əhalinin sayı 50 mindən çox olması planlaşdırılır.
Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək. Burada həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 5 milyard manat təşkil edir, yaxın beş ildə isə daha 8.5 milyard manatdan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva 2025-ci il 18 aprel tarixində “Sea Breeze” istirahət mərkəzində həyata keçirilən işlərlə tanış olmuşlar.
2025-ci ilin 02 və 16 iyul tarixlərində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdıməhəmmədovla birlikdə “Sea Breeze” istirahət mərkəzində olmuşlar.
2025-ci il ərzində Sabunçu rayonu ərazisində, XIX əsrin sonu və ötən əsrin əvvəllərində inşa edilmiş, şəhərin müasir görüntüsünə uyğun gəlməyən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının rəyləri əsasında qəzalı hesab edilmiş, hal-hazırda yaşayışa tamamilə yararsız olan binaların mülkiyyətçilərinə birdəfəlik kompensasiya verilməklə köçürülməsi işləri davam etdirilmişdir. Belə ki, qəzalı vəziyyətdə olan 52 çoxmənzilli yaşayış binasından 10-da (Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsi, döngə 2, ev 2Q, 5, 6, Firidun bəy Köçərli 39, Ə.Məmmədəliyev 32, Həmid Araslı küçəsi 4, Zabrat qəsəbəsi Babək küçəsi 23, Namiq Allahverdiyev küçəsi 6, 6-cı Mədən 38, Balaxanı qəsəbəsi Puşkin küçəsi 5) yaşayan sakinlər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən kompensasiya məbləği ödənilməklə köçürülmüş, 7 binada isə (Sabunçu qəsəbəsi Həmid Sultanov küçəsi 2, 2A, 2B, 2Q, Əfəndiyev küçəsi 21, Ramana qəsəbəsi 11-ci Mədən 43, 12-ci Mədən 43) sakinlərin köçürülməsi işlərinə başlanılmışdır.
Eyni zamanda, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 10, 12, 12A, 14, 14A və Aşıq Alı 21 ünvanlarında yerləşən istismar müddətini keçmiş qəzalı yaşayış binaları sökülmüş, orada yaşayan ailələr inşa ediləcək yeni binada mənzillərlə təmin edilənədək müvəqqəti kirayə mənzillərə köçürülmüşdür. Hazırda həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının inşası davam etdirilir.
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nikolay Baybakov (keçmiş Xəstəxanayanı) və Əsildar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən, istismar müddətini başa vurmuş, iki mərtəbəli 39, 41, 43, 45 saylı çoxmənzilli yaşayış binalarının mülkiyyətçilərlə qarşılıqlı razılıq əsasında sökülərək yerində yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
Hesabat dövrü ərzində Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirşağı qəsəbəsi ərazisində müasir yol qovşağı istifadəyə verilmişdir. Qovşağın yaradılmasında əsas məqsəd Bakı–Sumqayıt magistralı üzrə hərəkətin fasiləsizliyinin təmin edilməsi, həmçinin Kürdəxanı, Pirşağı, Bilgəh və Xırdalan (Masazır və Bakı–Sumqayıt magistralı) istiqamətlərinin təhlükəsiz və rahat şəkildə bir-biri ilə əlaqələndirilməsi olmuşdur.
Qovşaq dörd əsas nəqliyyat istiqaməti üzrə (Kürdəxanı–Pirşağı–Bilgəh–Xırdalan) layihələndirilmiş və tam sərbəst axın prinsipi əsasında inşa edilmişdir. Əsas magistral üzərində eyni səviyyəli kəsişmə və işıqforlu hərəkət mövcud deyil.
Qovşağın tikintisi nəticəsində Kürdəxanı, Pirşağı, Bilgəh və Xırdalan istiqamətlərində yaşayan əhalinin nəqliyyat əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşmış, Bakı–Sumqayıt magistralı üzrə hərəkətin buraxılış qabiliyyəti artmış, nəqliyyat sıxlığı və qəza riski əhəmiyyətli dərəcədə azalmışdır.
İl ərzində təhsil və mədəniyyət obyektlərinin tikintisi və təmiri ilə bağlı işlər də davam etdirilmişdir. 28.06.2022-ci il tarixdə rayonun Sabunçu qəsəbəsində yerləşən 68 saylı tam orta məktəbdə baş vermiş yanğın ilə əlaqədar 2024-cü ilin aprel ayından Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən məktəbin yeni binasının tikintisinə başlanılmışdır. Tikinti işləri nəzərdə tutulmuş plan üzrə davam etdirilir.
17.03.2025-ci il tarixdən Heydər Əliyev Fondu tərəfindən rayonun Bilgəh qəsəbəsi, 28 May küçəsi 24 ünvanında yerləşən Mədəniyyət Evi sökülərək yerində yeni ikimərtəbəli Mədəniyyət Evinin inşasına başlanılmışdır.
2025-ci ildə rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq və quruculuq işləri davam etdirilmişdir. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərə asfalt örtüyü vurulmuş, hər həyətdə müasir tipli işıq dirəkləri quraşdırılmış, günlük və oturacaqlar qoyulmuşdur. Bu və digər sahələrdə ot örtüklərinin salınması, həmişəyaşıl ağac, kol və güllərin əkilməsi işləri davam etdirilmişdir.
İlin əvvəlindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələr tərəfindən rayon ərazisində mərkəzi və məhəllədaxili yollara ümumilikdə 120 min kv.m.-dən çox yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və məhəllədaxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir. Yolların kənarlarında qanunsuz ticarətin - ət kəsilib satılması hallarının da qarşısının alınması üzrə mütəmadi tədbirlər görülsə də təəssüf ki, hələ də bir sıra qəsəbələrdə, xüsusilə mərkəzi yolların kənarlarında belə hallar mövcuddur. Bu sahəyə Qəsəbə nümayəndələri, Polis eləcə də Gigiyena və Epidemiologiya Mərkəzi və baytarlıq xidməti nəzarəti gücləndirilməlidir.
Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır. Qış mövsümünə hazırlıqla bağlı bu sahələr üzrə nəzərdə tutulmuş işlər əsasən başa çatdırılsa da, bir sıra yaşayış binaları, təhsil, səhiyyə və digər sosial obyektlərin mövsümə hazırlığı qənaətbəxş olmamışdır. Sakinlərin müraciətlərindən də göründüyü kimi bu əsasən bir sıra binalara hələ də istilik verilməməsi və dam örtüklərinin vəziyyəti ilə bağlı olmuşdur. Bu nöqsanlar aidiyyəti təsərrüfat rəhbərlərinin nəzərinə çatdırılaraq müvafiq tapşırıqlar verilmişdir.
Daxil olan müraciətlərdə, yerlərdə keçirilən görüşlərdə sakinlər əsasən qəsəbələrdə, xüsusilə də yeni yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin olmamasından, qrunt və məişət sularının həyətyanı sahələrə yığılmasından, daxili yolların vəziyyətindən narazılıq edirlər. Yaşayış məntəqələrində bu və digər sosial məsələlərin həllini tezləşdirməyi xahiş edirlər.
İl ərzində rayonda bir sıra sosial əhəmiyyətli tədbirlər, ətraf mühitin mühafizəsi üzrə aksiyalar və görüşlər təşkil edilmişdir.
Belə ki, 11 mart 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən Maştağa Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilmişdir.
20 mart 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Abad məhəllə (Ş.Kamilov küçəsi 5, 7, 9, 11) ünvanında Novruz şənliyi təşkil edilmişdir.
07 aprel 2025-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində Sabunçu Gənclər Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
23 aprel 2025-ci il tarixdə Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Gənclər Mərkəzi və Antalya Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Türkiyənin “23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə təntənəli tədbir təşkil edilmişdir.
24 aprel 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illik yubileyi ilə əlaqədar “Həyata nur bəxş edən qadın-Akademik Zərifə Əliyeva” adlı forum keçirilmişdir.
07 may 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xarı bülbül” instrumental ansamblının iştirakı ilə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilmişdir.
08 may 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı və “Balakhani Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən Mübariz İbrahimov küçəsində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
15 may 2025-ci il tarixdə Sabunçu rayon bələdiyyələrinin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyaların təşkilatçılığı ilə rayonun bütün qəsəbələrində “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə rayon ərazisində yaşayan nümunəvi ailələr ilə görüş keçirilmişdir.
31 may 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzinin birgə təşkilatçılğı ilə Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar üçün bədii-əyləncəli tədbir təşkil edilmişdir.
12 iyun 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “15 İyun 1993 - Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilmişdir.
11 iyul 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Sabunçu Rayon Təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969: Milli dirçəlişin başlanğıcı – Müstəqil və Suveren Azərbaycanın banisi” mövzusunda tədbir keçirilmişdir.
18 iyul 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirilmişdir.
29 iyul 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup fəal gəncinin iştirakı ilə “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ziyarət təşkil edilmişdir.
19 sentyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilmişdir.
25 sentyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr - Anım Günü” nün beşinci ildönümü ilə əlaqədar Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən istirahət parkında ağacəkmə aksiyası keçirilmişdir.
25 sentyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsinin Akademiyasının inzibati binasında “27 sentyabr - Anım Günü”nün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa təşkil edilmişdir.
27 sentyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr - Anım günü” ilə əlaqədar rayonun qəsəbələrində yerləşən şəhidlər xiyabanları ziyarət edilmiş, Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “27 sentyabr – Anım Günü” ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivinin Bakı şəhəri, Xətai rayonunda yerləşən Zəfər parkına ziyarəti təşkil edilmişdir.
06 oktyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir.
16 oktyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə YAP-ın Sabunçu Rayon Təşkilatının inzibati binasında “Müstəqilliyimizin bərpası, milli birlik və vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.
28 oktyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.
04 noyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü münasibətilə Sabunçu qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
06 noyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin “Buta” İnstrumental Ansanblının iştirakı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Zəfər təntənəsi” adlı bayram tədbiri keçirilmişdir.
Əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də şəhid ailələri və qazilərə hərtərəfli diqqət və qayğı göstərilmişdir.
12 noyabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi ilə əlaqədar tədbiri keçirilmişdir.
14 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Məişət zorakılığından zərərçəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi ilə bağlı məktəb psixoloqları üçün seminar keçirilmişdir.
18 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Bir bayraq altında həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.
12 dekabr 2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Ülvi şadlıq evi”ndə ehsan süfrəsi təşkil edilmişdir.
20 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının təşkilatçılığı ilə “Ülvi şadlıq evi”ndə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə “Şanlı Zəfərdən Yeni Zirvələrə: Qalib Xalq-Güclü Dövlət” mövzusunda bayram tədbiri təşkil edilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Azərbaycanlıların soyqırımı günü”, “Xocalı soyqırımı günü”, “Ramazan” və “Qurban” bayramları, ”Faşizm üzərində qələbə günü”, Respublika günü”, “Milli Dirçəliş günü”, “Dövlət Müstəqilliyi günü”, “Konstitusiya günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”, “Yeni il” və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
2025-ci il ərzində Rayon İcra Hakimiyyəti aparatına ümumilikdə 10702 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da 2024-cü il ilə müqayisədə 0.32 faiz (34 sənəd) çoxdur. O cümlədən, vətəndaş müraciətlərinin sayı 6374 olmuşdur ki, bu da əvvəlki ildəkindən 9.2 faiz (538 müraciət) çoxdur. O da qeyd edilməlidir ki, il ərzində daxil olmuş 6374 ərizə və şikayətlərin 2276-sı və ya 35,7 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Bu bənd üzrə qeyd olunan həmin ərizə və şikayətlərin 2022-si və ya 31.7 faizi yaşayış evlərinin tikintisi, əsasən də Ramana, Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı və digər qəsəbələrin inzibati ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərlə bağlıdır.
İl ərzində Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi qaydada 364 nəfər qəbul edilmişdir ki, bunlardan 171-i müsbət həll olunmuş, 161 müraciət əsasında müvafiq izahat verilmiş,19-u barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış, 13-ü isə əsassız sayılmışdır. Qəsəbələrdə keçirilmiş 48 səyyar görüşdə 3000 nəfərə yaxın vətəndaş iştirak etmiş, 284 məsələ qaldırılmışdır ki, onlardan 225-i müsbət həll edilmiş, 45-i icraata götürülmüş, 14-ü barədə vətəndaşlara qanunamüvafiq izahat verilmişdir. Bütün hallarda vətəndaşların müraciət və təkliflərinə, ərizələrinə vaxtında baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
Rayon İcra Hakimiyyəti 2025-ci ildə fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin tarixi-memarlıq irsinin qorunması, insan yönümlü şəhər mühitinin formalaşdırılması, şəhərsalma sahəsində müasir yanaşmaların tətbiqi gələcək nəsillər üçün təhlükəsiz, estetik və funksional yaşayışın təmin edilməsi, yeni urbanistik layihələrin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd edilən sərəncam Sabunçu rayonunda da müasir memarlıq ənənələrinin formalaşmasına və inkişafına, ərazilərin yenidən qurulması proseslərinin sistemli şəkildə davam etdirilməsinə, ictimai rifahın təmin olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.
Sonra isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, həmçinin rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.
Hesabat yığıncağında Azərbaycan Respublikası Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və Vətən müharibəsi Şəhidi mayor Siyavuş Kəlbəlıyevin həyat yoldaşı Pərvanə Kəlbəlıyeva çıxış ediblər.
Hesabat yığıncağının sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.














