Sabunçu rayonunda 2026-2027-ci illərin qış mövsümünə hazırlıqla bağlı tədbir keçirildi
12 noyabr 2026 | 14:28
12.11.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2026-2027-ci illərin qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə vəziyyətin yoxlanılması və qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki, məhəllədaxili ərazi və yolların qardan vaxtında təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması haqqında müşavirə keçirildi.
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Məmməd Qasımov, Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Sabunçu rayonunun təsərrüfat xidmətlərinin rəisləri, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2026-2027-ci illərin qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü, eyni zamanda rayon ərazisində yolların qardan vaxtında təmizlənməsi məqsədilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını, lazımi səviyyədə duz ehtiyatının olduğunu bildirdi. Bununla yanaşı cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki, eləcə də növbətçilik cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verdi. Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayev qış mövsümü ərzində qarlı şaxtalı günlərdə yolların təmizlənməsinə cəlb olunacaq texnika və işçi qüvvəsi haqqında, 7 saylı İstilik sistemləri istismar sahəsinin rəisi Elnur Rəcəbov isə rayon ərazisində yerləşən yaşayış binalarının, təhsil və səhiyyə obyektlərinin istilik təchizatı haqqında çıxış edərək görülmüş işlər barəsində məlumat vermişdir.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2026-2027-ci illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Müşavirənin sonunda qış mövsümünə hazırlığın qiymətləndirilməsi və görüləcək işlər barədə müzakirələr aparıldı.

















