Sabunçu rayonunda “21 Fevral - Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi
21 fevral 2023 | 15:52
21.02.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Sabunçu rayonu, Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbdə “21 Fevral - Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor İsmayıl Məmmədli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və 28 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir şagirdlərin ifasında Azərbaycanın görkəmli yazıçılarının əsərlərinə istinadən hazırlanmış səhnəciklər, şeirlər, rəqs və musiqi nömrələri ilə davam etdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbirdə çıxış edərək qeyd etdi ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. R.Fərəcova vurğuladı ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün artmasında və mükəmməl təhsil almasında mühüm rol oynayır. Millətin özünəməxsusluğunun qorunmasında müstəsna rol oynayan ana dili müqəddəsdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor İsmayıl Məmmədli çıxış edərək ana dilimizin dövlət dili statusuna yüksəlməsi istiqamətində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açdı, onun hələ sovetlər dönəmində ana dilimizin inkişafı uğrunda apardığı uzaqgörən siyasəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.