Sabunçu rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açıldı
27 sentyabr 2022 | 15:53
27.09.2022-ci il tarixdə “27 sentyabr - Anım Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Şah dərgahı” mərasim evində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi açıldı.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq 44 gün ərzində qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi, şanlı zəfər əldə etdi. A.Vəliyev vurğuladı ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.
Daha sonra Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin imamı Əmirxan Tahirov tərəfindən şəhidlərin əziz ruhuna dualar oxundu.