Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “27 sentyabr - Anım Günü”nün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi.

26 sentyabr 2025 | 18:29
25.09.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə  Akademiyada “27 sentyabr - Anım Günü”nün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev,  Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri və qazilər, Akademiyanın əməkdaşları və tələbələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirdi ki, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı və  44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atdı. A.Vəliyev vurğuladı ki,  Azərbaycan xalqı öz lideri-Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, qətiyyətini, mətinliyini, mübarizliyini və ən əsası birliyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı, şərəfli, parlaq səhifəsi və Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
 
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov xalqımıza qarşı ermənilər tərəfindən törədilən vandalizm və soyqırım aktlarına toxunaraq Azərbaycanın hər zaman ədalətli mübarizə apardığını vurğuladı. O, beş il əvvəl – 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində şanlı Zəfərlə başa çatdığını bildirdi. Q.Novruzov bu Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayaraq şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyini və onların şanlı döyüş yolunun gənc nəsillər üçün nümunə olacağını qeyd etdi.
 
Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova, şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, şəhid Həsənağa Abdullazadənin atası Şakir Abdullayev, şəhid Rəşad Novruzovun anası İlahə Məmmədova, şəhid Kamran Qasımovun anası Nailə Qasımova, şəhid Əfqan Nəsirovun anası Kəmalə İsmayılova, şəhid Tahir Əliyevin atası Mahir Əliyev və DGK-nın Vətən Müharibəsində iştirak edən əməkdaşı İqbal Səfərov çıxış edərək əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, torpaqlarımızın azadlığı uğrunda əldə olunan şanlı Qələbədən qürurla bəhs etdilər.
 
Tədbirdə Akademiyanın “Hüquqşünaslıq” ixtisasının tələbələri Aysun Şirinzadə və Ayla Ədilova vətən qəhrəmanlarına həsr edilən şeir və məruzə ilə çıxış etdilər.
Keçidlər