Sabunçu rayonunda “44 gün Qarabağda” kitabının təqdimat mərasimi keçirildi
27 oktyabr 2022 | 11:35
Sabunçu Rayon İcra Hakimiyyəti və Nardaran Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində 27.10.2022-ci il tarixdə Nardaran Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq hekayələri yazarı və “Ting” nəşriyyatının təsisçisi Çinarə Köçərlinin “44 gün Qarabağda” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Nardaran qəsəbə bələdiyyə sədri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayonun ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti iştirak edirdilər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq hekayələri yazarı və “Ting” nəşriyyatının təsisçisi Çinarə Köçərli müəllifi olduğu “44 Gün Qarabağda” kitabı haqqında məlumat verərək bildirdi ki, bu kitabda müxtəlif yaşlı uşaqların ata, əmi, dayı və qardaşlarının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları və döyüş yolundan bəhs edən hekayələr toplanmışdır. Qələbəyə səbəb olan igid oğulların, əsgər və zabitlərimizin başına gələnlər uşaqların dili ilə anlatılmışdır. Hekayələrin mövzusu real hadisələrə əsaslanır. Hekayələr rəngli illüstrasiyalarla müşayiət olunur. Hər bir illüstrasiyada həm qəhrəmanlar haqqında xatirələrini bölüşən uşaqlar, həm də haqqında danışılan igid qazi və şəhidlərin real təsviri verilmişdir. Həmçinin döyüşün baş verdiyi ərazilər – işğaldan azad edilən rayonlar, oradakı tarixi məkanlar, texnikalar, silahlar təsvir edilmişdir. Kitabda hərbi rütbələr, döyüşdə istifadə olunan texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri də yer almış, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olma tarixləri qeyd edilmişdir. 3 cildlik nəzərdə tutulan “44 gün Qarabağda” adlı kitab – 1-ci və 2-ci cildin hərəsində 16, 3-cü cildində 12 hekayə olmaqla 44 hekayədən ibarətdir.
Sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova qeyd etdi ki, sevilən yazar Çinarə Köçərli öz kitablarında vətənpərvərlik, din, xeyirxahlıq, mərhəmət və sevgi kimi təməl mövzulara yer verərək uşaqlar üçün faydalı və zəngin biliklər aşılayır. R.Fərəcova vurğuladı ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, qətiyyətli mövqeyi və yenilməz ordumuzun qəhrəmanlığı nəticəsində ölkəmizin zəfər təqviminə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən bəhs edən “44 gün Qarabağda” adlı kitab da yetişən gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyətə malikdir.