Sabunçu rayonunda “Ağ ölümə yox deyirik!” adlı tədbir keçirildi
21 oktyabr 2022 | 10:32
21.10.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi 271 nömrəli tam orta məktəbin akt zalında “Ağ ölümə yox deyirik!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Rövçən Kərimli, valideynlər və məktəbin şagird və müəllim heyəti iştirak edirdilər.
İlk olaraq məktəbin direktoru çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan söz açan G.Məmmədov Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyətindən danışdı.
Daha sonra çıxış edən Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Rövşən Kərimli öz çıxışlarında respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər və məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.