Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirildi

28 aprel 2022 | 18:22

28.04.2022-ci il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar rayon ərazisində yerləşən 12  saylı Şəhər Poliklinikasında tədbir keçirildi. 
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayonun səhiyyə müəssisələrinin rəhbərləri və həkimlər iştirak edirdilər.
İlk olaraq qonaqlar akademik Zərifə Əliyevanın həyat və yaradıcılığını əks etdirən foto sərgiyə baxış keçirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi olaraq müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adladığını, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəldiyini vurğuladı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışında akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirdi.
Tədbirdə çıxış edən 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev, 22 saylı Uşaq Poliklinikasının baş həkimi Vəfa Əliyeva və digərləri
akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd etdilər.
Sonda rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçisi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olundular.

Keçidlər