Sabunçu rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirildi
19 oktyabr 2026 | 18:49
19.10.2026-cı il tarixdə Sabunçu rayonu, Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirildi.
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Sabunçu rayonundan seçilmiş nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının QİƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri və xidmət sahələrinin rəhbərləri, bəzi QHT-in rayon təşkilatlarının sədrləri və rayon ictimaiyyətin digər nümayəndələri iştirak edirdilər.
İlk olaraq müşavirə iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müşavirəni açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müşavirədə geniş məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə söz açdı. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin zərərli kənar təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edən A.Vəliyev ideoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü şəkildə qurulmasının, təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyətini xüsusi vurğuladı.
Müşavirədə çıxış edən 96 saylı tam orta məktəbin direktoru, YAP-ın VIII Qurultayının nümayəndəsi Mehriban Hacıyeva, Vətən Müharibəsi şəhidi Məmmədov Əlihüseyin Elşad oğlunun anası Arzu Məmmədova, Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenantı Muraz Sadıqov, Prezident mükafatçısı, əməkdar müəllim, Maştağa qəsəbəsi, 28 saylı tam orta məktəbin direktoru Qənirə Əmircanova və digərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, gənclərin informasiya təhlükəsizliyinin təmin olunması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, iqtisadi və hərbi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş söz açdılar.

















